Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Zəngilanın işğal olunması ilə dünya erməni vandalizminin yeni üzünü bir daha gördü.Ermənilər işğal müddətində Zəngilan şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törətmişdilər. İşğal zamanı rayonun 83 kənd, 5 qəsəbə, rayon mərkəzi ermənilər tərəfindən dağıdılmışdır. 45 min nəfərə yaxın sakin doğma yurd - yuvalarından köçkün düşmüşdür. Zəngilan rayonu Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. 20 oktyabr 2020-ci il tarixdə Zəngilan rayonunun işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa olunmuşdur. Zəngilanın və digər işğal altında olan yaşayış məntəqələrimizin işğaldan azad edilməsi xalqımız üçün zəfər tarixidir. 20 oktyabr 2022-ci il Zəngilan rayonunun erməni işğalından azad olunmasının iki ili tamam olur. İki ildir ki, bu torpaqlarda azan səsi eşidilir, Azərbaycan bayrağı dalğalanır. 2020-ci il noyabrın 26-da "Zəngilanın azad olunmasına görə" medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi azad olundu. "Aypara " və ya "qurd tələsi" taktikası ilə əks-hücuma keçən hərbçilərimiz 2020-ci il oktyabrın 20-dən sonra Laçın dəhlizinə doğru irəliləyərək Dağlıq Qarabağdakı separatçıları Ermənistanla birləşdirən əsas magistral yola 10 km-dəki artilleriya vasitəsilə buraya nəzarət etməyə başladı. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna gəldilər. İlham Əliyev Zəngilan rayonunda Azərbaycan bayrağını qaldırdı. Qələbədən sonra Zəngilan rayonunda böyük abadlıq, quruculuq, bərpa işləri başlandı. Zəngilan rayonuna qələbədən sonra cənab Prezident 3 səfər etmiş, aparılan yenidənqurma işlərinə özü birbaşa nəzarət edir. İşğaldan azad olunan rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayır. Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarının genişləndirilməsi üçün çox böyük imkanlar yaranıb.Üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq Zəngəzur dəhlizinin açılması Zəngilan rayonunun inkişafı üçün böyük töhfələr verəcək. Zəngilanı Naxçıvanla ayıran 40 km-lik Zəngəzur dəhlizi Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Naxçıvanla və Türkiyə ilə birləşdirməsi Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır. Dünyada ilk olaraq "Ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilib.İşğal zamanı xarabalığa çevrilmiş Ağalı kəndi minalardan təmizlənərək yerində yeni, müasir ağıllı konsepsiyaya uyğun kənd salınıb. Hazırda "yaşıl texnologiya"larla təchiz olunmuş 350 evdən ibarət kənddə hər bir infrastruktur var. Qarabağa "Böyük Qayıdış" məhz Zəngilan rayonunun Ağalı kəndi ilə başladı. Mayın 27-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağalı kəndində açılışda oldular və sakinlərlə görüşdülər. İşğaldan azan olunmuş hər bir bölgədə tikinti, quruculuq işləri aparılır. 30 il torpaq həsrəti çəkən soydaşlarımız tezliklə öz ata - baba yurdlarına qayıdacaqlar. Qarabağ xalqımızın and yerinə çevrilib. Bu torpaqlar minlərlə oğullarımızın canı və qanı bahasına alınıb. Bir zəfər yazılıb şəhid qanıyla, Azadlıq naminə yüz yol and içdik. Düşmənin qurduğu istehkamları, Bir "Dəmir Yumruqla" dağıdıb keçdik. Nazim Qədirov,Xocalı rayon Cəmilli kənd tam orta məktəbinin müəllimi